Son günlər Ermənistan tərəfinin Qazağın Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısını alması yerli əhalini sudan məhrum edib
Otuz ildir ki, təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji terror törətməkdə davam edir. Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarımızda təbiətə qarşı düşmən münasibət isə regionun ətraf mühitinə ciddi təhlükə yaradır. İşğalçı ölkə transsərhəd səviyyədə su ehtiyalarının mühafizəsi və idarəçiliyi ilə bağlı beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda da israrlıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə bəyanatda qeyd olunur ki, Ermənistan tərəfindən transsərhəd çayların ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Bununla yanaşı, işğal olunmuş ərazilərdə su anbarlarından istifadə qeyri-mümkün olub və texniki xidmət göstərilmədiyindən, ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənbəyinə çevrilib. Ermənistanın BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyaya qoşulmaması sərhədlərarası su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünsüz edir.
Bəyanatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələbini özündə əks etdirən Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2016-cı ildə qəbul edilən 2085 saylı qətnamə icra edilməyib. Əksinə, Ermənistan bu istiqamətdə fəaliyyəti daha da genişləndirib: “Son günlər Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısının alınması yerli əhalini sudan məhrum edib. Beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının ciddi pozulması halı olan bu vəziyyət eyni zamanda, beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və İqlim dəyişmələri üzrə Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi çətinliklər yaradır. Ermənistan rəhbərliyinin son zamanlar nümayiş etdirdiyi açıq təxribatçı fəaliyyətə ekoloji terror əməllərinin də əlavə olunması, bu təcavüzkar ölkənin beynəlxalq hüquq və fundamental insan haqqlarını kobud şəkildə pozmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam etdiyini göstərir. Beynəlxalq ictimaiyyəti Ermənistanın qanunsuz fəaliyyətini sərt şəkildə qınamağa və işğalçı ölkənin bu kimi qeyri-qanuni əməllərinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlının sözlərinə görə, Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində əsas çoxtərəfli ekoloji sazişlərin (konvensiyaların) tərəfidir və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir: “Lakin regional əməkdaşlıq, habelə transsərhəd məsələlər barəsində sıx qarşılıqlı fəaliyyət ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq razılaşmaların yerinə yetirilməsində həlledici rol oynayır, çünki təbiət dövlət sərhədlərini tanımır. Ermənistanın yürütdüyü işğalçılıq siyasəti Azərbaycanda ətraf mühitə, bioloji müxtəlifliyə və bütövlükdə regionda ekoloji vəziyyətə birbaşa ziyan vurur".
E.Qarabağlı deyib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində təbii ehtiyatlar vəhşicəsinə istismar olunur, meşələr məhv edilir, transsərhəd çaylar çirkləndirilir, regionun flora və faunasına bərpası mümkün olmayan ziyan vurulur: "İşğal edilmiş ərazilərdəki su hövzələri də potensial ekoloji fəlakət mənbəyidir. Aran rayonlarda yaşayan 400000-dən çox insan daim təhlükədədir, çünki işğal edilmiş ərazidə yerləşən Sərsəng su anbarına texniki xidmət göstərilmir. Orada baş verə biləcək hər hansı təbii fəlakət bəndin uçmasına, bu isə öz növbəsində humanitar və ekoloji fəlakətə gətirib çıxara bilər.
Qış fəslində Sərsəng su anbarından alınan suyun həcmində rayonun mövsümi tələbatı nəzərə alınmır, nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı təyinatlı torpaqlar və rabitə xətləri su altında qalır. İlin qızmar dövründə isə, əks vəziyyət yaranır – illik norma ilə müqayisədə xeyli az su ayrılır, nəticədə kəskin su qıtlığı əmələ gəlir, suvarma ilə bağlı problemlər yaranır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı ölkəmizin beynəlxalq konvensiyalar çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini çətinləşdirir. Azərbaycan Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Helsinki Konvensiyasının tərəfidir. Bu Konvensiyanın əsas, missiyası transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsidir. Bu məsələlərin səmərəli həlli yalnız sıx əməkdaşlıq yolu ilə təmin edilə bilər. Ermənistanın bu Konvensiyaya qoşulmaması və onun işğalçı siyasəti transsərhəd sular probleminin beynəlxalq normalar çərçivəsində həllini qeyri-mümkün edir”.
ETSN nümayəndəsi Azərbaycanın işğal edilmiş ərazilərində işğalçı ölkənin dağıdıcı fəaliyyəti ilə bağlı faktların dünyaya çatdırılması üzrə aparılan fəal işin nəticələri barədə də danışıb. O xatırladıb ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2016-cı ildə Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qərəzli şəkildə sudan məhrum edilməsi haqqında 2 085 nömrəli qətnamə qəbul edib: "Assambleya içməli sudan maneəsiz istifadə edilməsini sərhədlər ucbatından məhdudlaşdırıla bilməyən əsas hüquq, hər bir dövlət üçün strateji əhəmiyyət kəsb edən həyat mənbəyi hesab edir. Bu qətnamə Ermənistan silahlı qüvvələrinin regiondan dərhal çıxarılmasını, müstəqil mühəndislər və hidroloqlar tərəfindən yerlərdə tədqiqat aparılmasını tələb edir".
E.Qarabağlı regionda ətraf mühitə və əhalinin sağlamlığına ən ciddi təhlükələrdən biri – Ermənistanda 1976-cı ildən bəri köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti barədə də diqqətə çatdırıb: “Qeyd etmək lazımdır ki, Ermənistanda 1988-ci ildə baş vermiş zəlzələdən sonra Metsamor AES bağlanmışdı, lakin 1995-ci ildə beynəlxalq birliyin çağırışlarına və kəskin tənqidə baxmayaraq bu AES-in işi bərpa edildi. Hazırda Metsamor AES müvafiq təhlükəsizlik normalarına riayət edilmədən daha artıq güclə fəaliyyət göstərir. 2009-cu ilin sonunda Ermənistan hökuməti AES-in yeni blokunun tikilməsi barədə qərar qəbul edib. Onu da qeyd etmək lazımdır ki, Ermənistan bu AES-in texniki təhlükəsizliyi və fəaliyyəti barədə informasiyanın beynəlxalq təşkilatlar üçün lazımi dərəcədə əlçatan olmasını təmin etmir. AES-in idarə edilməsi və tullantıların utilizasiyası ilə bağlı məlumatların olmaması, xüsusən Azərbaycan ərazilərinin işğal edilməsi kontekstində, regionda nüvə təhlükəsizliyinə ciddi təhdid olaraq qalmaqdadır. Böyük ehtimalla deyə bilərik ki, AES-in tullantıları məhz işğal olunmuş ərazilərdə basdırılır və bu proses davam edir".
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, professor Rauf Sultanov deyib ki, hazırda 1.7 milyon hektar torpağımızın ermənilərin işğalı altındadır: “Qeyd edim ki, işğal edilmiş ərazilərdə 2 milli: Qarabağ və Bəsitçay və 4 müvəqqəti qoruq var. Müvəqqəti qoruqları işğal altında olduğu üçün genişləndirə bilməmişik. Onlar Arazboyu, Laçın, Cəbrayıl, Qubadlı qoruqlarıdır. 1.7 milyon hektar ərazinin 254 min hektarı meşələrdir. Və orada 460-a yaxın bitki növü olub. Onların 70-i relikt, endemik bitkilərdir. Bilirsiniz ki, endemik-ancaq həmin ərazidə bitən, relikt isə bitkinin qədim birkilərdir. Təəssüflər olsun ki, erməni işğalçıları flora və faunamıza da ziyan vururlar. Məsələn, ayı fındığı, qara çöhrə, araz palıdı, şərq çinarı və s kimi bitkilərimiz yalnız işğal edilmiş ərazilərdə bitir. Ermənilər 710 hektar kolxoz nəzdində olan meşələri, 560 hektar isə yol, su, kanal boyu olan meşə zonaları məhv ediblər. Ümumiyyətlə, erməni tərəfi gec-tez torpaqların Azərbaycana qaytarılacağını bildiyi üçün maksimum sürətlə bütün meşə və endemik bitkiləri məhv etməyə, ekoloji terrorun miqyasını genişləndirməyə çalışır. Beynəlxalq ictimaiyyət isə bu məsələ qarşısında təəssuflər olsun ki, susqunluq nümayiş etdirir”.
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.